Dövlət orqanlarının
elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycanın
davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin
müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və
kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin
prioritetlərindən birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər görülmüşdür.
“Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, eləcə də
informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən
digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq
standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza
formalaşmışdır.
Modern
və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində
şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan
qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
elektron xidmətlərin təşkili və elektron imzanın tətbiqi prosesinin sürətləndirilməsi
məqsədi ilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər
göstərilməsi qaydalarını və xidmət növlərini müəyyən etsin.
2.
Mərkəzi icra hakimiyyəti orqanları üç ay müddətində elektron xidmətin təşkili
üçün aşağıdakı tədbirləri həyata keçirsinlər:
2.1.
səlahiyyətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi
internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin
yaradılması;
2.2.
elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu
xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq
sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin
bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi;
2.3.
elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş
qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin
elektron formada qəbul edilməsinin, bu barədə göndərən şəxsə təsdiqetmə
bildirişinin göndərilməsinin və həmin sənədlərə qanunvericiliklə müəyyən
edilmiş qaydada və müddətdə baxılmasının təmin edilməsi;
2.4.
müvafiq sənədlər barədə informasiya əldə edilməsi üçün dövlət orqanları
tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları,
məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları)
istifadə edilməsi, bu mümkün olmadığı hallarda şəxslərdən həmin sənədlərin
əslinin tələb edilməsi;
2.5.
göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real
vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi və elektron xidmət
bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların
təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri texniki təhlükəsizlik
tədbirlərinin görülməsi.
2-1.
Mərkəzi icra hakimiyyəti orqanları göstərdikləri hər bir elektron xidmət üzrə
ayrıca inzibati reqlamenti iki ay müddətində müəyyən etsinlər.[1]
3.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə
tapşırılsın ki, üç ay müddətində:
3.1.
elektron xidmətin təkmilləşdirilməsi məqsədi ilə dövlət orqanlarının, eləcə də
elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki
şəxslərin elektron imza ilə təmin edilməsi işini təşkil etsin;
3.2.
dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin
aparılmasının təmin edilməsi məqsədi ilə zəruri tədbirləri həyata keçirsin;
3.3.
dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında
istifadənin təşkili məqsədilə “elektron hökumət” portalının yaradılmasını təmin
etsin;
3.4.
mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətin təşkili üçün metodiki
dəstəyi təmin etsin;
3.5.
dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində
hazırlıq səviyyələrinin artırılması məqsədi ilə tədris kurslarının təşkili
istiqamətində zəruri tədbirləri həyata keçirsin;
3.6.
bu Fərmanın 3-cü bəndində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə
ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim
etsin.
4.
Mərkəzi icra hakimiyyəti orqanları bu Fərmanın 2-ci bəndində nəzərdə tutulan
tədbirlərin yerinə yetirilməsi barədə ayda bir dəfə Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat təqdim etsinlər.
5.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
5.1.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə
birlikdə bu Fərmanda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı
tələb olunan vəsaitin cari ildə və növbəti illərin dövlət büdcəsində nəzərə
alınması üçün müvafiq tədbirlər görsün;
5.2.
bu Fərmanın 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan tədbirlərin yerinə
yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini təhlil etsin və bu barədə
üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;
5.3. bu Fərmandan
irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 23 may 2011-ci il
№
429