AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ

 

KOLLEGİYA QƏRARI

 

 

29 avqust 2013-cü il

№ 8-N

 

“Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya nömrəsi barədə məlumatın verilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə

 

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya

 

QƏRARA ALIR:

 

1. “Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya nömrəsi barədə məlumatın verilməsi üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

 

2. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

 

3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

 

Azərbaycan Respublikasının

 

ədliyyə naziri

 

I dərəcəli dövlət ədliyyə müşaviri

Fikrət Məmmədov

 

 

 

                                                          


 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 29 avqust tarixli 8-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya nömrəsi barədə məlumatın verilməsi üzrə inzibati reqlament

 

 

1. Ümumi müddəalar

 

1.1.  Elektron xidmətin adı: Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya nömrəsi barədə məlumatın verilməsi

1.2. Elektron xidmətin məzmunu: Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya nömrəsi barədə məlumatın elektron qaydada verilməsi qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “İnformasiya əldə etmək haqqında” 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 6-cı və 10-cu maddələri;

- Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə"nin 16-cı bəndi;

- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.19-cu bəndi;

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi identifikasiya nömrəsinin verilməsi Qaydası”nın 2-ci bəndi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 aprel tarixli 49 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fərdi məlumatların informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsi və istifadə olunması Qaydaları"nın 1.4-cü bəndi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin  24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi  icra  hakimiyyəti  orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 3.14-cü bəndi. 

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 

1.5. Elektron xidmətin digər icraçıları:  Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemində emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçi fərdi identifikasiya nömrəsi barədə məlumatı əldə edir.

 

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: informativ 

2.2. Elektron xidmət üzrə ödəniş:  ödənişsiz  

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər. 

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az; http://exidmet.justice.gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az ; http://www.justice.gov.az

Elektron poçt: contact@justice.gov.az ; notvva@justice.go.az

Telefon: (+99412) 430 09 77 / (+99412) 404 42 81

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətdən istifadə etmək bu reqlamentin 3.2-ci bəndində göstərilənlərdən asılı olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi tələb olunur.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. İnteraktiv növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İstifadəçi sistemə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini, şəxsiyyət vəsiqəsi olmadıqda isə ad, soyad, ata adı və doğum tarixi barədə məlumatları daxil edərək fərdi identifikasiya nömrəsini əldə edir.

3.2.1. Sorğunun formalaşdırılması: İstifadəçi tərəfindən elektron xidmətin təqdim edildiyi  internet ünvanlarının müvafiq pəncərəsində şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini, şəxsiyyət vəsiqəsi olmadıqda isə ad, soyad, ata adı və doğum tarixi barədə məlumatlar daxil edilərək həmin elektron ünvana təqdim edilir;

3.2.2. Sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi: Sorğu qəbul olunduğu təqdirdə istifadəçinin monitorunda onu maraqlandıran məlumat təqdim olunur.

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən təqdim olunmuş sənəddə çatışmazlıqlar (ad, soyad, ata adı, doğum tarixi, eləcə də şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi səhv daxil edildikdə) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya nömrəsi barədə məlumatın verilməsi üçün elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu:  İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 3.2.1-ci yarımbəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.

3.4. Sorğunun icrası: İstifadəçi elektron xidmət vasitəsilə fərdi identifikasiya nömrəsini əldə edə bilər.

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

- İstifadəçinin tələb olunan məlumatları daxil etməsi;

- Axtarışın həyata keçirilməsi.

İnzibati əməliyyatın həyata keçirilməsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

İstifadəçi müvafiq informasiya sisteminə şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini, şəxsiyyət vəsiqəsi olmadıqda ad, soyad, ata adı və doğum tarixi barədə məlumatları daxil edib axtarış düyməsini vurmaqla "Fərdi identifikasiya nömrəsi" adlanan xüsusi elektron cədvəldə axtarış həyata keçirilir. Axtarışın parametrlərinə uyğun olaraq prosesin müddəti istifadəçinin tələb olunan məlumatları daxil etməsinə və bunun informasiya sistemində emalına sərf olunan vaxtdan asılıdır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

İstifadəçi fərdi identifikasiya nömrəsi barədə məlumatı əldə edir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Xidmət həyata keçirir.

3.5.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.5.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu,  cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətin göstərilməsinə görə Xidmət məsuliyyət daşıyır.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:  Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən poçt ünvanına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.