AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ

 

KOLLEGİYA QƏRARI

 

 

28 sentyabr 2012-ci il 22-N

 

Azərbaycan adları barədə məlumat əldə edilməsi üzrə inzibati reqlamentin təsdiq edilməsi barədə

 

Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 676 nömrəli Fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

 

QƏRARA ALIR:

 

1. Azərbaycan adları barədə məlumat əldə edilməsi üzrə inzibati reqlament təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

 

I dərəcəli dövlət ədliyyə müşaviri

Fikrət Məmmədov

 

 


 


 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 28 sentyabr tarixli 22-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

 

Azərbaycan adları barədə məlumatın əldə edilməsi üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Azərbaycan adları barədə məlumat əldə edilməsi

 

1.2. Elektron xidmətin məzmunu: Azərbaycan adları, onların izahlı şərhi və statistik göstəriciləri barədə məlumat bazasının, habelə onun üzərində axtarışın aparılmasını əhatə edir.

 

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

 

- İnformasiya əldə etmək haqqında 30 sentyabr 2005-ci il tarixli 1024-IIQ nömrəli Azərbaycan Respublikasının Qanununun 6-cı və 10-cu maddələri;

- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 8.17-ci bəndi;

- İnzibati reqlamentin qəbul olunmasının əsası: Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı, Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarına uyğun olaraq hazırlanmışdır

 

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 

 

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

 

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

 

1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

 

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vətəndaşlar Azərbaycan adları, onların izahlı şərhi, illər və adlar üzrə statistik göstəriciləri barədə məlumatlar əldə edə bilərlər.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: informativ

 

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

 

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.

 

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az; http://exidmet.justice.gov.az

 

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az ; http://www.justice.gov.az

Elektron poçt: contact@justice.gov.az ; notvva@justice.gov.az

Telefon: (+99412) 430 09 77 / (+99412) 404 42 81

 

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətdən istifadə etmək üçün heç bir sənəd tələb olunmur.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. İnteraktiv növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

 

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İstifadəçi heç bir sənəd təqdim etmədən sistemə daxil olaraq onu maraqlandıran adı və həmin adın kişi və ya qadın cinsinə aid olması barədə məlumatı daxil edərək adla bağlı izahlı şərh və statistik göstəricilərin barədə məlumatlardan istifadə edir. İstifadəçi həmçinin müraciətini ayrı-ayrı illər çərçivəsində məhdudlaşdıra bilər.

3.2.1. Sorğunun formalaşdırılması: İnformasiya sisteminin müvafiq pəncərəsində istifadəçi onu maraqlandıran adı və həmin adın kişi və ya qadın cinsinə aid olması barədə məlumatı daxil edərək onun izahlı şərhi və həmin adla bağlı statistik göstəricilərin əldə olunması üçün müraciət edir.

3.2.2. Sorğunun qəbulu: Sorğu qəbul olunduğu təqdirdə istifadəçiyə dərhal müvafiq məlumatlar təqdim olunur.

 

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi: Sorğu qəbul olunduğu təqdirdə istifadəçinin monitorunda onu maraqlandıran məlumatlar təqdim olunur.

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi, adı və ya adın hansı cinsə aid olduğunu səhv göstərdikdə sorğunun nəticəsi kimi məlumatın aşkar olunmaması qeyd olunur. Səhv məlumatın daxil edilməsi istifadəçinin yenidən sorğu verməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən müvafiq məlumat düzgün daxil edildikdə, sorğu qəbul olunur.

 

3.4. Sorğunun icrası: İstifadəçi elektron xidmət vasitəsilə maraqlandığı ad barədə izahlı şərh və illər üzrə statistik məlumatları əldə edə bilər. Bununla yanaşı hazırda Azərbaycan Respublikasında həmin adı daşıyan şəxslərin ümumi sayı ilə tanış ola bilər.

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

1.                  Adların izahlı şərhi;

2.                  İl daxilində adlar üzrə statistik göstəricilər;

3.                  Adın illər üzrə statistikası;

4.                  Adı daşıyan şəxslərin sayı.

İnzibati əməliyyatların həyata keçirilməsinə Qeydiyyat və notariat baş idarəsinin Dövlət reyestrləri idarəsi məsuldur.

 

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

1.                  Adların izahlı şərhi: İstifadəçi müvafiq sahəyə maraqlandığı adı yazır, zəruri olduğu hallarda axtarışın parametrlərini dəqiqləşdirir və axtarış düyməsini vuraraq həmin ad barədə məlumat cədvəlini generasiya edir. Axtarışın parametrlərinə uyğun olaraq proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

2.                  İl daxilində adlar üzrə statistik göstəricilər: İstifadəçi maraqlandığı ili siyahıdan seçir, adın kişi və ya qadın cinsinə aidiyyatını müəyyənləşdirir və axtarış düyməsini vuraraq həmin il üzrə müvafiq cinsə aid olan bütün adların statistik məlumatlarını əhatə edən cədvəli generasiya edir. İl ərzində doğulan uşaqların və verilən adların çoxluğundan asılı olaraq proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

3.                  Adın illər üzrə statistikası: İstifadəçi maraqlandığı adı müvafiq sahəyə daxil edir və axtarış düyməsini vuraraq bu adın və ona oxşar adların illər üzrə statistik məlumatlarını ehtiva edən cədvəli generasiya edir. Proses adın və ona oxşar adın çoxluğundan asılı olaraq istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

4.                  Adı daşıyan şəxslərin sayı: İstifadəçi maraqlandığı adı müvafiq sahəyə daxil edir və axtarış düyməsini vuraraq hazırda Azərbaycan Respublikasında bu ada malik şəxslərin sayı generasiya olunur. Həmin adlı şəxslərin sayından asılı olaraq proses istifadəçisinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

 

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur

 

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

1.                  Adların izahlı şərhi: İstifadəçi generasiya olunmuş cədvəldə göstərilən məlumatlarla tanış olur.

2.                  İl daxilində adlar üzrə statistik göstəricilər: İstifadəçi generasiya olunmuş cədvəldə hər hansı bir adı seçdikdə bu adın və ona oxşar digər adların illər üzrə statistik məlumatları və bu adı hazırda daşıyan şəxslərin ümumi sayını görə bilər.

3.                  Adın illər üzrə statistikası: Cədvəldəki məlumatların illər, adlar üzrə yerləşməsinə görə bilər.

4.                  Adı daşıyan şəxslərin sayı: İstifadəçi generasiya olunmuş cədvəldə göstərilən məlumatlarla tanış olur.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi həyata keçirir.

 

3.5.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

 

3.5.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

 

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətlərin göstərilməsinə görə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi məsuliyyət daşıyır.

 

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə), inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

 

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Ədliyyə Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən poçt ünvanına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

 

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə 15 gün ərzində baxılmalıdır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlərə isə 30 gün müddətində baxılır.